Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin, eləcə də “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin dəstəyi ilə “Tibb və hüquq prizmasından orqan transplantasiyası” mövzusunda Tibb Tələbələrinin I Forumu keçirilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev açılış nitqində orqan transplantasiyasının həm tibbi, həm də hüquqi aspektlərinin kompleks yanaşma tələb etdiyini vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, həkim-anestezioloq- reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova "Meyitdən orqan transplantasiyası: Beyin ölümünün təyini kriteriyaları" mövzusunda çıxış edib. Reanimasiya tədbirlərinin insan həyatının xilası baxımından əhəmiyyətindən danışan mərkəz sədri bildirib ki, müasir tibbdə əsas məqsəd hər bir insanın həyatını xilas etməkdir. Lakin xəstənin həyatını xilas etmək mümkün olmadıqda, düzgün hüquqi və tibbi mexanizmlər vasitəsilə səkkiz nəfərin həyatını xilas etmək mümkündür.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, həkim-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi çıxış edərək, transplantasiya sahəsində əldə olunan elmi yeniliklərdən və bu sahənin inkişaf mərhələlərindən bəhs edib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim- koordinatoru Mehriban Əliyeva orqan donorluğunun insan həyatının xilasında oynadığı həlledici roldan danışaraq, müxtəlif ölkələrdə tətbiq olunan orqan donorluğu sistemləri barədə ətraflı məlumat verib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquqşünası Səyyarə Haqverdiyeva “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər” mövzusunda çıxış edərək vurğulayıb ki, bu sahədə həyata keçirilən bütün fəaliyyətlər ciddi şəkildə hüquqi çərçivə daxilində aparılır və qanunvericilikdən kənar heç bir addım atılmır.